Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına ünvanladığı təbrik məktubu dərc olunub.
Məktubda Vəhdət Partiyası adından YAP-ın rəhbərliyinə, formalaşdırılmış idarə heyətinin və təftiş komissiyasının üzvlərinə, qurultay nümayəndələrinə və bütün partiya üzvlərinə səmimi təbriklər çatdırılır.
Adəm İsmayıl Bakuvi xüsusi vurğulayıb ki, YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilməsi tədbirə xüsusi siyasi məzmun verir. O, bu əlamətdar gündə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, onun müəyyən etdiyi müstəqillik və dövlətçilik xəttinin Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutduğunu qeyd edib.
Vəhdət Partiyasının sədri Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirilən prinsiplərin bugünkü mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
«Güclü dövlət, iqtisadi müstəqillik, qüdrətli ordu, milli maraqların qətiyyətlə müdafiəsi və Azərbaycanın öz taleyinin sahibi olması prinsipləri... Müstəqil siyasətin əsas dayaqlarından biri güclü iqtisadiyyat, digəri isə milli iradə və dövlətin öz təhlükəsizliyini təmin etmək imkanlarıdır. Azərbaycanın siyasi və iqtisadi qərarlarını öz milli mənafelərindən çıxış edərək müəyyən etməsi dövlət suverenliyinin fundamental şərtidir», — deyilir təbrikdə.
Bəyanatda həmçinin milli həmrəyliyin möhkəmləndirilməsi, sağlam siyasi dialoqun və konstruktiv əməkdaşlığın inkişafının dövlətçilik maraqlarına xidmət edən mühüm amillər olduğu vurğulanıb.
Məktubda Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin qorunmasına, milli birliyin möhkəmlənməsinə və iqtisadi qüdrətin artırılmasına xidmət edən fəaliyyətlərə uğurlar arzulanaraq, Prezident İlham Əliyə möhkəm cansağlığı, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə isə ölkənin inkişafı naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzu olunub.