Post-pandemiya dövründə ixrac qabiliyyətini artırmaq üçün nə etməli?

Post-pandemiya dövründə ixrac qabiliyyətini artırmaq üçün nə etməli?

Öncəki qlobal ticarət yüksəlişi dövründə Azərbaycan resurs ixracında ixtisaslaşmış, iqtisadi dinamikaları neft ixracından əldə olunan gəlirlər müəyyən etmişdir. Lakin artıq 4-cü sənaye inqilabı neft erasını qapatmaqdadır. Ölkəmizin də dünya ticarət sistemində yeni növ ixrac istiqamətlərində ixtisaslaşmağa başlaması zərurətə çevrilmişdir. Bu ixrac istiqamətlərinin yüksək əlavə dəyər yaradan sahələr olması ticarət balansımızın qorunması baxımdan lazımdır. Yüksək gəlirlər əldə etdiyimiz neft ixracının yerini aşağı dəyərli ixrac istiqamətləri ilə əvəzləməyə çalışmaq olmaz. İqtisadi inkişaf tempinin sürətləndirilməsi üçün yeni ixtisaslaşma istiqamətlərimiz dəyişən dünya istehsalı və ticarətinin dinamikalarına uyğunlaşdırılmalıdır. Qlobal ticarət və ixracatda artıq bir neçə onillikdir ki, dəyər zəncirləri əhəmiyyət daşımağa başlamışdır. İndi dəyər zəncirlərinin xarakteri yeni texnoloji yüksəlişin təsirilə dəyişməkdə olsa da, qlobal ticarət münasibətlərində dəyər zəncirlərinin önəmi yenə də yüksək olacaqdır. Bunun üçün ölkəmizin ixrac rəqabətliliyi qazanması üçün mütləq dəyər zəncirlərində iştiraka fokuslanmaq lazımdır. İstehsalın müxtəlif səviyyələrinin fərqli ölkələrdə yerləşdirilməsi prosesi olan qlobal dəyər zəncirlərinin genişlənməsi nəticəsində bugün dünya ticarətinin üçdə ikisi aralıq məhsullarla aparılır. Avtomobil, kompyuter, nəqliyyat avadanlıqlarının istehsalı kimi mürəkkəb dəyər zəncirləri onlarla müxtəlif ölkədə məhsulların yüzlərlə ayrı-ayrı hissələrinin istehsalını əhatə edir. Məsələn, tərtibatının Kaliforniyada edildiyi iphone smartfonlarının istehsalı 8 ölkədə 200 müxtəlif təhcizatçının fəaliyyəti nəticəsində son məhsul halına gəlir.

 Texnologiyanın birinci yüksəliş dövründə inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərində yer tutması üçün aşağı xərcli əməyin mövcudluğu əhəmiyyət kəsb edirdi. Ucuz işçi qüvvəsinin mövcud olduğu xeyli Asiya ölkəsi qlobal dəyər zəncirlərində iştirak edərək həm ÜDM, həm də ixrac səviyyələrini artırmış oldular. Həmin ölkələrin qlobal dəyər zəncirlərində iştirakı təkcə o ölkələrdə istehsal və ixracın artımının sürətlənməsinə yox, həmçinin Çin, Hindistan, Tailand və s. kimi ölkələrdə texnologiyaların transferinə töhvə vermiş oldu. Təbii ki, ölkələrin qlobal dəyər zəncirlərində yer almasında sadəcə onların sahib olduğu ucuz işçi qüvvəsi yox, həm də müvafiq ticarət sazişləri, ticarət və investsiya siyasətlərində müvafiq düzəlişləri həyata keçirmələri təsirli olurdu. Ölkələrin idxal, ixrac və kapital məhdudiyyətləri, məhkəmələrin ədalətliliyi və qanunvericiliyin səmərəliliyi, makroiqtisadi stabillik kimi cəhətləri onların dəyər zəncirlərində yer almasında ciddi əhəmiyyət kəsb edirdi. Bu baxımdan ucuz işçi qüvvəsinin mövcud olduğu inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərində yer ala bilmək üçün bir sıra institutsional islahatlar həyata keçirmələri vacib idi. Eyni zamanda bu ölkələrin Dünya Ticarət Təşkilatının üzvü olaraq qlobal ticarətin müəyyənləşmiş qaydalarına uyğun fəaliyyət göstərməyi qəbul etməsi də onların qlobal dəyər zəncirlərində mövqelənməsini asanlaşdırırdı. Qlobal dəyər zəncilərinin bu yüksəlişində xüsusilə də, kompyuter və elektronika, avadanlıqlar, kimyəvi məhsullar və maşın istehsalı rol oynamaqda idi. Son illərdəisə qlobal dəyər zəncirləri və qlobal ticarət yeni dövrə qədəm qoymağa başladı.

    Dəyər zəncirlərində baş verən yenilənmə bizə bu prosesin tərkib hissəsi olmağa şans yaradır. Doğrudur ki, bir öncəki dəyər zəncirləri genişlənməsində aktiv rol almayan ölkələrin qlobal ticarətin yeni formalaşan düzənində ixrac rəqabətliliyi formalaşdırması o qədər də asan olmayacaq. Qloballaşmanın bu yeni mərhələsində rəqəmsal infrastruktur, xidmət bacarıqları, insan kapitalı səviyyəsi ölkələrin uğurlu ixtisaslaşmasında müəyyənedici olacaqdır. Onun üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi, internet sürəti və əlçatanlılığının artırılması, rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətlərin dəstəklənməsi, bu istiqamətdə insan kapitalına səmərəli yatırımların artırılması lazımdır. Biliyə əsaslanan xidmətlərlə ticarətin əhəmiyyətinin yüksəldiyi dövrdə rəqəmsal xidmətlər sahəsində faəliyyət göstərən şirkətlərin dəstəklənməsi ölkəmiz üçün yeni və yüksək dəyərli ixrac istiqamətləri yarada bilər. Bu sahədə fəaliyyət göstərəcək klasterlərin təşəkkül tapmasında dövlətin ilkin addımlarına ehtiyac var. Bu sahədə bacarıqlar miqyasını artıracaq təhsil reformları və yatırımları da müsbət rol oynaya bilər. Xüsusilə də rəqəmsal kontent xidmətləri öyrədən peşə məktəbləri səmərəli fəaliyyətinin önəmini də qeyd etmək mümkündür. Bundan başqa, məhsulların ixrac istiqamətlərində (məsələn, kənd təsərrüfatı) xərc və məhsuldarlıq üstünlüklərinin formalaşdırılması üçün ixracatçılara yeni texnologiyaların əldə edilməsi imkanları asanlaşdırılmalı, müvafiq dəstək (məsələn, ticarət maliyyəsi) təqdim edilməlidir. Real sektorun innovasiya və texnologiyalardan intensiv istifadəsinə nail olmadan ixracatçılarımızın xarici bazarlarda rəqabətlilik qazanması mümkünsüzdür. Potensial ixracatçıları xarici bazarlardakı imkanlar barədə məlumatlandırmaq, onların idarəetmə və digər biznes inkişafı üçün zəruri fəaliyyətlərində bacarıqlarını artırmaq gərəklidir.

    Yeni dövrdə möhkəm innovasiya ekosisteminə, institutsional inkişafa və xidmətlər sahəsində təcrübəyə bağlı olaraq inkişaf etmiş ölkələrin üstünlükləri ortaya çıxacaqdır. Lakin, iri bazarlara yaxın yerləşən inkişaf etməkdə olan ölkələrin də dəyər zəncirlərində mövqe tutması mümkün olacaq. Bu baxımdan ölkəmiz Avropa Birliyi (AB) bazarının imkanlarını doğru qiymətləndirməli, regional dəyər zəncirlərinin önəminin artdığı bir dövrdə bu iqtisadi məkanla inteqrasiyasını dərinləşdirməlidir. İnteqrasiya səviyyəsi təkcə AB ilə yox, Gürcüstan, Türkiyə, Ukrayna, Moldova və s. kimi region ölkələri ilə ikitərəfli və çoxtərəfli ticarət sazişləri vasitəsilə dərinləşdirilməlidir. Məsələn, bu istiqamətdə regionallaşma trendlərinin əhəmiyyətinin yenidən artdığı bir dövrdə GUAM formatı çərçivəsində bölgə ölkələrinə qarşılıqlı fayda doğuracaq inteqrasiya fəaliyyətlərini də canlandırmaq fayda doğurar.  Bu regional inteqrasiya prosesləri rüsumların aşağı salınması ilə yanaşı, tənzimləyici siyasətlərin, məhsul və texniki standartların, gömrük prosedurlarının harmonizasiyasını da özündə əks etdirməlidir. Bu konteksdə biznes mühitinin inkişaf etdirilməsi, rəqabət mühitinin, intellekutal mülkiyyətin qorunması, administrativ və qanunvericilik sahəsində islahatlar da fundamental əhəmiyyət kəsb edir.