Pakistanın müxtəlif bölgələrində dörd gündür davam edən güclü yağışlar nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Onlardan 28-i ildırım vurması nəticəsində vəfat edib.
Yağışların normadan iki dəfə çox olduğu ölkənin şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində azı 32 ölü və 40-dan çox yaralının olduğu bildirilib. Bölgədə 1,3 mindən çox ev dağılıb, evsiz sakinlər müvəqqəti sığınacaqlara yerləşdiriliblər.
Uzun sürən yağışlar Qvadar, Pasni, Keç və Panqur şəhərlərində də normal həyatı pozub. Yüzlərlə evə ziyan dəyib, yaşayış məntəqələri və yollar su altında qalıb, ictimai nəqliyyat dayanıb, elektrik enerjisi kəsilib.
Bəlucistan hakimiyyəti əyalətdə fövqəladə vəziyyət elan edib və zərərçəkənlərə yardım göstərmək, güclü yağışların vurduğu ziyanı aradan qaldırmaq üçün təcili tədbirlər görür.