Azərbaycan Ombudsmanı Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışına münasibət bildirib.
Modern.az xəbər verir ki, Ombudsman Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
"Belə ki, cari ilin 14 oktyabr tarixində Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb.
Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bugünədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.
Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə ekoloji böhranın yaranması ilə də nəticələnir.
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir", - Ombudsmanın bəyanatında deyilir.