NATO Şərqi Avropada soyuq müharibə zamanından bəri ən böyük hərbi qüvvə yerləşdirə bilər

NATO Şərqi Avropada soyuq müharibə zamanından bəri ən böyük hərbi qüvvə yerləşdirə bilər

NATO qarşıdan gələn Madrid sammitində yeni şəraitə uyğunlaşaraq, Soyuq Müharibədən sonra ən böyük hərbi yerləşdirmə barədə qərar qəbul edə bilər.

Məlumata görə, alyansın müttəfiqləri Şərqi Avropanı minlərlə əsgərin və çoxlu hərbi texnikanın olduğu qalaya çevirmək üçün intensiv silahlanma yarışına çıxmağa hazırdırlar.

Bu yolla təşkilat ayıq-sayıq olduğunu və istənilən üzv dövlətə qarşı təcavüzə cavab verməyə hazır olduğunu bildirmək istəyir.

NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitində müttəfiqlərin hərbi büdcələrinin artırılması da müzakirə olunacaq. Bildirilir ki, bəzi ölkələr alyansın şərqindəki hazırkı mövcudluğunu döyüş qruplarından briqadalaradək artırmağını təklif edir. Hazırda bölgədəki NATO hərbi birləşmələrinin tərkibi 1000 – 1600 nəfərlik qruplardan təşkil olunub. Briqadalara keçid bu rəqəmi ən azı iki dəfə artıra bilər. Təklif həmçinin Şərqi Avropaya daha qabaqcıl silahların göndərilməsini nəzərdə tutur. Bəzi müttəfiqlər hətta generalların komandanlığı altında diviziyaların yerləşdirilməsi məsələsini qaldırırlar ki, bu da ərazidə 15 minlik qoşunların yerləşdirilməsi deməkdir.

Bununla yanaşı, Madriddə keçiriləcək sammit zamanı NATO-nun yeni strateji konsepsiyası təsdiqlənəcək. Bu sənəd Moskva ilə əlaqələrə son qoyacaq. Konsepsiyada Rusiya birbaşa təhlükə kimi göstəriləcək. Çinə gəlincə, Avropalı müttəfiqlər Pekinlə gərginliyi artırmamağın tərəfdarıdırlar. Beləliklə, Çin təhlükə kimi yox, geostrateji və sistemli çağırış kimi qeyd olunacaq.