“Minsk Qrupu “arabanın beşinci təkəri” idi” – Deputat Cavanşir Feyziyev (MÜSAHİBƏ)

“Minsk Qrupu “arabanın beşinci təkəri” idi” – Deputat Cavanşir Feyziyev (MÜSAHİBƏ)

Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik:

 

Cavanşir müəllim, siz Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrisiniz. Avropa İttifaqı bu gün dünyada geopolitik maraqların tənzimlənməsində ciddi rol oynayır. Prezident İlham Əliyev bu günlərdə verdiyi geniş müsahibəsində Aİ ilə əlaqələrə toxunarkən bunu “strateji tərəfdaşlıq” adlandırıb.  Siz Avropa İttifaqı ilə əlaqələrin perspektivini necə görürsünüz?

– Avropa Ittifaqı ilə əlaqələrimiz son 30 il ərzində yalnız yüksələn xətt üzrə inkişaf edib. Vaxtaşırı olaraq erməni lobbistlərinin təsiri altında ölkəmizə qarşı qarayaxma kampaniyalarında iştirak edən ayrı-ayrı qurumların fəaliyyəti xaricində bütövlükdə Aİ ilə siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrimizi müsbət və qənaətbəxş hesab edirəm. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən və xüsusilə də torpaqlarımızın işğaldan azad olunmasından sonra Aİ-Azərbaycan münasibətlərinin daha da yaxınlaşması və möhkəmləndirilməsi üçün münbit şərait yaranıb və inanıram ki, hər iki tərəf bu imkandan ümumi maraqlarımız naminə faydalanacaq.  Bilirsiniz ki,  2017-ci ildən bəri AI ilə Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsinin layihəsi üzərində iş aparılır, inanıram ki, tezliklə tərəflər arasında razılaşmalar başa çatdırılacaq və Aİ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni, demək olar ki, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyacaq.

 

Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilk missiyasına Bakı tərəfindən müsbət reaksiya verilir. Brüssel danışıqları bu baxımdan əhəmiyyətli oldu. Prezident də çıxışında dedi ki, bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı Qarabağ münaqişəsinə yanaşmada ədaləti qoruyub. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı hansı rol oynaya bilər?

-Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması təkcə iki ölkə üçün yox, bütövlükdə region üçün, o cümlədən Aİ üçün vacib məsələdir. Cənubi Qafqazda təhlükəsizlik məsələsinə bütövlükdə Avropada təhlükəsizliyin tərkib hissəsi kimi baxılır və bu doğru yanaşmadır. Bu baxımdan Aİ-nın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına töhfə vermək istəyi təbiidir və sizin də qeyd etdiyiniz kimi, bu Azərbaycan tərəfindən də müsbət qarşılanır. Hazırki mərhələdə Aİ post-müharibə problemlərinin çözülməsində, tərəflər arasında etimad mühtinin yaradılmasında, eləcə də erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin siyasi-mədəni həyatına inteqrasiya proseslərində faydalı işlər görə bilər. Bilirsiniz ki, artıq Aİ hər iki ölkəyə müəyyən məbləğdə yardım paketi ayırmaq haqqında qərarını bildirib, o cümlədən Azərbaycana işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi üçün maliyyə və texniki yardım göstərir. Lakin bu istiqamətdə fəaliyyət dairəsi olduqca genişdir və qarşılıqlı təmaslar nəticəsində ortaq fəaliyyət layihələri müəyyənləşdirilə bilər.

 

ATƏT-in Minsk Qrupunun taleyi bu gün müzakirə mövzusudur. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həll olunduğu üçün Minsk Qrupuna yeni gündəlik müəyyənləşdirilməsini təklif edir. Fikrinizcə, həmsədrlər getdikcə “arabanın beşinci təkərinə” çevrilirmi? Minsk Qrupunun prioritetləri nə olmalıdır?

– ATƏT-in Minsk Qrupu keçən 30 il ərzində məhz arabanın 5-ci təkəri rolunu oynayıb və buna görə də münaqişənin həll olunmasında heç bir nəticə ilə qürurlana bilmir. Bu gün Minsk Qrupuna yeni gündəlik müəyyənləşdirilməsi təklif olunsa da, bu qurumun belə acı fiaskodan sonra hansısa faydalı bir iş görəcəyinə inanmıram. Şəxsi fikrimcə, Minsk Qrupu üçün ən optimal yol səmərəli olmadığına görə öz fəaliyyətini dayandırmaq barədə qərar qəbul etməsi ola bilər.

Boris Consonun elan etdiyi “Qlobal Britaniya” siyasətində ölkəmiz necə görünür? Azərbaycan – Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri kimi nə deyə bilərsiniz: Hazırkı London-Bakı siyasi münasibətləri hansı prioritetlər üzərində dayanır?

– London-Bakı siyasi münasibətləri həmişə praqmatizmə əsaslanıb. Bu praqmatik siyasət bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutur. Müstəqilliyimizi bərpa etdikdən sonra başlanan bu səmərəli və faydalı əməkdaşlıq trendi bu gün də uğurla davam etdirilir. Hesab edirəm ki, Brexitdən sonrakı “Qlobal Britaniya” siyasətində Azərbaycan etibarlı tərəfdaş və faydalı tərəf müqabili kimi görünür. Bu tendensiyanın qorunub saxlanacağına və daha da inkişaf etdiriləcəyinə heç şübhəm yoxdur.

 

Qazaxıstanda baş vermiş son hadisələr dünya gündəmində ciddi müzakirə olunur. Proseslərə yanaşmada ən müxtəlif aspektlərdən-sosial etiraz faktorundan tutmuş xaricdən təşkil olunan dövlət çevrlişi cəhdinə qədər ehtimallar səslənir. Sizin baş verənlərlə bağlı hansı qənaətləriniz var?

– Qazaxıstanda baş vermiş hadisələr özündən sonra çox acı bir xatirə saxladı. Ortaq tarixə və mədəniyyətə sahib olan qardaş xalqlar kimi bu bizi də sarsıdır. Əlbəttə, ölkədə sosial etirazlar üçün əsaslar vardı və etirazlar başlayan kimi etirazçıların tələbinə uyğun olaraq yanacaq qiymətinin qaldırılmasına prezident tərəfindən veto qoyulmaqla bərabər hökümət də istefaya göndərildi. Təəssüf ki, bəzi qüvvələr tərəfindən bu əsaslardan sui-istifadə olunması hadisələri arzuolunmaz istiqamətə yönləndirdi. Bu qüvvələrin daxildən və ya xaricdən idarə olunması hələlik bizim üçün qaranlıq məsələdir, amma istənilən halda müdrik qazax xalqı bu cür destruktiv hadisələrə yol verməməlidir. Belə hadisələr Qazaxstan dövlətinin hələ də kövrək sayıla biləcək müstəqilliyinin qorunub saxlanması üçün ciddi təhlükədir.

 

Bu baxımdan Türk Dövlətləri Birliyinin dünya və regional siyasətdə yerini necə görürsünüz? İnteqrasiya imkanları nə vəd edir?

– Təkcə bu hadisələr fonunda deyil, ümumiyyətlə, Türk Dövlətləri Birliyinin dünya və regional siyasətdə rolu bəşəri dəyərlərə əsaslanan sülh və sabitliyin təmin olunmasına töhfə vermək olacaq. Amma bildiyiniz ki, hələ TDB adlı siyasi bir qurum mövcud deyil. Keçən il Türk Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına çevrilməsi Türk Dövlətləri Birliyinə gedən yolda növbəti vacib addımlardan biridir. Lakin əminəm ki, inteqrasiya prosesləri bu təşkilatla məhdudlaşmamalıdır. Yeni yaranmış təşkilat çərçivəsində müəyyən dövr ərzində türk dövlətlərinin siyasi, iqtisadi, mədəni-sosial siyasətini uzlaşdıran fəaliyyətlər aparmaqla türk dövlətləri arasındakı münasibətlərin yeni bir səviyyəyə – müttəfiqlik səviyyəsinə qaldırılmasına ehitayc var. Bu proseslər qlobal siyasi sistemin mövcud tendensiyalarına müvafiq şəkildə öz təbii axarı ilə davam etdirilməli, türk xalqlarının arzularına uyğun olaraq türk dövlətlərinin siyasi iradəsi nəticəsində tam hüquqlu siyasi birliyin, yəni Türk Dövlətləri Birliyinin təşəkkül tapması ilə nəticələnməlidir. Belə bir nəticə bütün türk dövlətlərinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün, daha geniş anlamda isə bütövlükdə Avrasiya məkanında uzunmüddətli sülhün və sabitliyin bərpa olunması üçün həyati zərurətdir.

 

Siz Mətbuat Şurasının İdarə Heyətinin üzvüsünüz. Ölkədə media islahatlarına rəvac verilib. Yeni qanun qəbul edilir, jurnalistikada “yeni vitrin”in qurulması, köhnə stereotiplərin sındırılması prosesi aparılır. Ölkədə jurnalistikanın yeni imkanları barədə hansı qənaətləriniz var?

– Media haqqında yeni qanunun qəbul olunması öz-özlüyündə mütərəqqi bir hadisədir. Bu qanunla media fəaliyyəti ilə bağlı bir çox anlayışların tərifi verildi və bəzi qeyri-müəyyənliklər aradan qaldırıldı. Amma bu qanunu mediada yaşanan bütün problemlərin birdəfəlik həlli hesab etmək düzgün olmazdı. Jurnalistika hər şeydən əvvəl yaradıcılıq fəaliyyətidir və bu fəaliyyətin nəticələri ölkə həyatının bütün tərəflərini və bütövlükdə cəmiyyəti əhatə edir. Ona görə media fəaliyyətinin tənzimlənməsi haqqında qanunun qəbul edilməsindən başqa jurnalistin şəxsi məziyyətləri və onun öz fəaliyyətini ədalət, aşkarlıq, şəffaflıq, vətəndaşların şəxsi həyatına müdaxilənin yolverilməzliyi və bu qəbildən olan digər qanunlarla uzlaşdırması, eyni zamanda şantaj, təhdid və təzyiq kimi qeyri-etik davranışdan imtina etməsi lazımdır. Media fəaliyyətini qanunlardan daha çox bu peşəni sevərək və jurnalist adını uca tutaraq fəaliyyət göstərən jurnalistlərin qeyri-etik jurnalistikaya müqaviməti ilə  aradan qaldırmaq olar. Təəssüf ki, Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti onların öz fəaliyyət sahəsində baş verən deqradasiyaya qarşı susqunluq göstərirlər. Məncə bu da onların öz peşəsini kifayət qədər sevməməsi ilə əlaqədardır.

 

 Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsinə ictimai nəzarətin mühümlüyünü bir daha vurğulayıb və burada institusional formatın yaradılmasını təklif edib. Dövlət başçısı burada medianın rolunu xüsusi qeyd edib. Bu məsələdə ictimai rəydə təsir edəcək, etibarlı KİV-lərin yaranması mühüm amildir. KİV-in hazırkı vəziyyəti bu nəzarəti təşkil etməyə imkan verirmi?

– Medianın ən təsirli ictimai nəzarət mexanizmi olması şübhəsizdir. Son 150 ildə tariximizdə baş vermiş ən mütərəqqi dəyişikliklərin təkanverici qüvvəsi məhz media olub. Bəzi KİV-lər  müəyyən mənada bu nəzarət funksiyasını həyata keçirmək cəhdləri göstərir, amma bu fəaliyyət sahəsində ictimai nəzarət adı altında bir çox qeyri-qanuni əməllərlə məşğul olanlar da az deyil. Az öncə dediyim kimi, bu jurnalistika ilə kimlərin məşğul olmasından çox asılıdır. Əgər sözün əsl mənasında ictimai nəzarəti həyata keçirən jurnalistlər varsa, onlar bu ad altında rüşvətxorluqla, reketçiliklə, qərəzli qarayaxmalarla məşğul olan həmkarlarına müqavimət göstərməyi və öz sıralarını təmizləməyi bacarmalıdırlar. Bu özü də jurnalistika fəaliyyətinə ictimai nəzarət deməkdir. Amma hələ öz fəaliyyət sahəsinə ictimai nəzarəti həyata keçirməyə qadir olmayan jurnalistika başqa sahələrə ictimai nəzarəti necə həyata keçirə bilər.

Məmurların işinə effektiv ictimai nəzarətin təşkili ilə bağlı nə deyə bilərsiniz?

– Məmurların fəaliyyətinə effektiv ictimai nəzarət heç də yalnız jurnalistlərdən asılı və ya ibarət deyil. Bu hər bir vətəndaşın imkanları daxilindədir və belə hallara qarşı təkcə jurnalistlər yox, elə vətəndaşlar özləri də müqavimət göstərməli və rastlaşdıqları məmur özbaşınalığına və ya digər mənfi hallara qarşı öz səslərini lazımi ünvanlara çatdırmalıdırlar. Bunun üçün ölkəmizdə bütün imkanlar var. İnternet sərbəstdir, bütün dövlət qurumlarının on-line rejimdə fəaliyyət göstərən portalları var və nəhayət, məhkəmə orqanları var. Hər bir vətəndaşın qeyri-qanuni əməllər barəsində şikayəti elə ictimai nəzarətin bilavasitə vətəndaşın özü tərəfindən həyata keçirilməsi deməkdir. Şikayətlərə baxılaraq qəbul olunan hər bir ədalətli məhkəmə qərarı öz-özlüyündə ictimai nəzarətin təntənəsi və nəticə etibarilə qeyri-qanuni hərəkətlərin qarşısının alınması deməkdir.