Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

Bu barədə Korrespondent.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Ötən il olduğu kimi Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd edilir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.