“Komsomolskaya pravda” nəşri Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun müsahibəsini yayıb - FOTO

“Komsomolskaya pravda” nəşri Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun müsahibəsini yayıb - FOTO

Rusiyanın məşhur “Komsomolskaya pravda” nəşrində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun “Azərbaycan ərazi bütövlüyünü bərpa edib” adlı müsahibəsi dərc olunub. Eyniadlı radioda baş konsulun iştirakı ilə “Xalqlar dostluğu - sözdə deyil, əməldə” adlı veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Komsomolskaya pravda” nəşrinin qonağı olan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov İkinci Qarabağ müharibəsindən sonra regionun dirçəlişindən və Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərindən danışıb.

Müsahibədə ölkəmizin münaqişənin həlli yolunda atdığı addımlar, qonşu dövlətlərlə mehriban münasibətlərin nə üçün bu qədər vacib olduğu və azərbaycanlıların Sankt-Peterburqun inkişafına verdikləri töhfələrdən bəhs olunur.

Baş konsul müsahibəsində qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə iddiası Sovet İttifaqının dağılması ilə başlayıb və onun kökləri keçmişə gedib çıxır. Prezident İlham Əliyev uzun müddət müxtəlif beynəlxalq platformalarda Ermənistanı Azərbaycanın BMT tərəfindən tanınan ərazilərini işğaldan azad etməyə və qonşuluq şəraitində yaşamağa çağırsa da, rəsmi Yerevan işğalçılıq siyasətini davam etdirib. Vurğulanıb ki, ötən il sentyabrın 27-də Ermənistan ağır artilleriya qurğularından da istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutaraq bütün istiqamətlərdən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusu əks-hücuma keçərək 44 günlük döyüş əməliyyatları nəticəsində ərazilərini işğaldan azad edib.

Müsahibədə vurğulanır ki, Azərbaycan noyabrın 8-də Vətən müharibəsinin başa çatmasının ildönümünü qeyd edib. Baş konsul münaqişənin həllində Rusiya Prezidenti Vladimir Putinin tutduğu obyektiv mövqedən də söhbət açıb.