ABŞ-ın “ESRI” şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

ABŞ-ın “ESRI” şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Əmlak Məsələləri Dövlət Xidməti Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bu istiqamətdə ABŞ-ın “ESRI” şirkəti ilə Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Onlayn formatda keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda iqtisadi və coğrafi informasiya sahəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib və “ESRI” şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.

“ESRI” şirkətinin nümayəndəsi Sohail El Abd təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Sohail El Abd regionun sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Xidmətin daşınmaz əmlak idarəçiliyi sahəsində Torpaqların Elektron Kadastr Uçotu və Ünvan Reyestri informasiya sistemlərinin istismara verildiyini, hazırda milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Rüstəm Şahbazov layihələrin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, peşəkar İT həllərinə əsaslandığını və bu baxımdan “ESRI” şirkəti ilə imzalanan Anlaşma Memorandumunun önəmini vurğulayıb.