Partiya  sədri: Müxalifət Mehriban Əliyevadan niyə qorxur?

Partiya sədri: Müxalifət Mehriban Əliyevadan niyə qorxur?

Кorrespondent.az Bu günlərdə Əli İnsanov BBC News Azərbaycancanın “Sual vaxtı” proqramının xanım aparıcısının qonağı olarkən hamımız təbii narahatlıq keçirdik.
 Çünki yaxın tariximizdə ANS-in xanım  müxbirinə qarşı-“konkret rədd ol!” qabalığını göstərməsini  və bununla kifayətlənməyib onu itələməyə çalışmasını hələ unutmamışıq.

“ Xoşbəxtlikdən” qorxduğumuz olmadı.
 Səadət xanımın sual verməsinə dəfələrlə kobudluqla mane olmasını, sözünü ağzında qoymasını və  “maraqlı sual”  tələb etməsini nəzərə almasaq elə bir  ciddi narahatlıq doğuran hadisə baş vermədi. 
HƏP-in sədri yenə də “etimad hökuməti”  xəyallarından danışdı, bu qurumda YAP-la yanaşı  4 müxalifət partiyasının iştirakını zəruri saydığını bildirdi və israrla həmin partiyaların adlarını çəkməkdən imtina etdi. 
Guya siyasətdən az-çox anlayışı  olanlar bilmirlər ki, müxalifət deyiləndə Musavat partiyasında keçirilən “dəyirmi masa”nın 3 iştirakçısı- ev yiyəsi, AXCP, HƏP nəzərdə tutulur və bu partiyaların gözünə  Q.İbadoğlunun rəhbərlik etdiyi hərakat əlavə olunur.
 Yerdə qalanlarını  normal müxalifətçilik etdiklərinə görə rişxəndlə “dialoq müxalifəti” adlandırır və onları hakimiyyətə satılmış hesab edirlər.
Maraqlıdır ki, HƏP sədrinin sözlərinə görə  bu 4 partiya arasında  2 aydan artıqdır danışıqlar gedir və  nəticə heç də ürəkaçan deyil: “liderlərin bir qismi bəyənib və bizimlə olmaq istəyir, bir qismi düşünürlər, fikirləşirlər, bir qismi də bir az başqa formada təklif eləyirlər”.
 Bu yerdə lap Ə.İnsanov sayağı:-“Budurmu, sizin apardığınız danışıqlar?!”, “Budurmu, sizin “etimad hökuməti”?!”-demək istəyirsən.
Ən yaxın müttəfiqlərinlə 2 aydan artıq danışıq aparasan, ““etimad hökuməti”nin proqramları hazırdır, bir “hə”-verin, başlayaq”-deyəsən və sonra məlum ola ki, 3 nəfərdən biri “fikirləşir”, o biri də “bir az başqa formada təklif eləyir”.  

Bəlkə müəlliflərini gizlətdiyiniz o “proqramları” dərc edəsiniz, biz də tanış olaq.
Bilirəm ki, etməyəcəksiniz. Olmayan şeyi  necə dərc etmək olar? HƏP sədri deyir: “etimad hökuməti seçkilərə qədər islahatlar aparıb, ölkədə vəziyyəti düzəldəcək və biz əvvəlcə prezident, sonra parlament seçkiləri keçirəcəyik”.  Tutaq ki, Ə.İnsanov siyasətdə təzə olduğundan bu məsələləri dərindən bilmir. Axı, HƏP Ali Məclisinin sədri  Z.Məmmədli bilir.

Axı, o, bir neçə partiyadan (AXC, Musavat, Yurd və s.) ibarət olan hökumət üzvlərinin seçkilər  ərəfəsində bir-birini necə qırdığını, nüfuzdan salmağa çalışdığını, namizədlərini reklam etmələrini  öz  “dərisində” hiss eləyib.

 Axı, cəmi bir il hakimiyyətdə olan həmin o “islahatçı koalisiyanın” fəaliyyətinin fəlakətli  nəticələrini hələ də aradan qaldırıb, qurtara bilməmişik.
Bəs, niyə sədrinə başlarına gələnləri danışmaq istəmir?

Çünki, məqsəd nə islahatdır, nə xalqın “ağ günə” çıxarılması.
Məqsəd hakimiyyəti dəyişməkdir və bu “sadəlövh təklif” də o məqsədlə verilib.

Ancaq bir şey nəzərə alınmayıb: hakimiyyət bu təklifi qəbul edəcək dərəcədə sadəlövh deyil.
Ə.İnsanov müsahibədə “yeganə dinc yol” saydığı “etimad hökuməti”nin yaradılmayacağı təqdirdə digər partiyalarla birlikdə hərəkat  formalaşdıracaqlarını, zorakılığa yol vermədən (oğul istəyirəm anlasın: “dinc”  mübarizənin  “zorakılığa yol vermədən” aparılan mübarizədən fərqi nədir?) mübarizə aparacaqlarını bəyan edir. Və keçir nəzərdə tutduğu “prezident seçkilərinə”.

Ancaq lap əvvəldən müxalifət liderlərinin “qorxulu röyası” olan,  ürəklərində saxlayıb dilə gətirmədikləri məsələni səsləndirir və Birinci vitse-prezidentə xahişlə müraciət edir:-“Mehriban xanım, prezident olmaq iddiasından əl çəkin!”.
Və Səadət xanımın sual-etirazını səsləndirməsinə imkan verməyib keçir əsaslandırmağa: “Bizi qarşıda çox ağır Qarabağ savaşı gözləyir. Qarabağda savaş meydanı nəcib xanımlar üçün gözəllik salonu deyil”.

Səadət xanım yenə nəsə deməyə çalışır və yenə sözü ağzında qalır: “Ölkəyə Ali Baş komandan olmaq üçün cəsarətli, mətin ər(xüsusi vurğu ilə deyib, sanki özünü nişan verir) lazımdır, kişi lazımdır. Bu qadın işi deyil.”.
Xanımlarımıza sayğısızlıqla dolu bu bəyanat heç bir ciddi etiraza layiq olmadığından üstündən keçirəm və bir  məsələni ona xatırlatmaq istəyirəm.
Müxalifətçilərdən fərqli olaraq Mehriban xanım heç vaxt prezidentlik iddiasının olması barədə bəyanat verməyib.
Çünki növbəti prezident seçkilərinə hələ 5 il var və  “çırmanırıq, keçməyə çay gəlməmiş”- devizi ilə hərəkət edən “siyasət maralları”ndan fərqli olaraq ciddi siyasətçilər hər iş barədə vaxtı gələndə danışırlar.

Ancaq üfüqdə prezident seçkiləri  görünməsə də qorxmağınıza, ehtiyatlanmağınıza görə sizi qınamıram.

Növbəti prezident seçkilərində İ.Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüləcəyi təqdirdə Mehriban Əliyeva sizin ağlınıza gəlməyəcək səviyyədə uğurlu seçkiqabağı kampaniya aparacaq və sizlərə siyasi həyatınızın ən böyük məğlubiyyətini yaşadacaq.
 Çünki hətta jurnalistlər qarşısında diktator hikkəsini gizlədə bilməyən sizlərdən fərqli olaraq o ağıllı adamlara dəyər verən, komanda yaratmağı bacaran və komanda ilə işləməyi bilən demokratik  liderdir.

Bu gün Birinci vitse-prezidentin yanında çalışan yaxşı təhsil almış, yüksək mədəniyyətli şəxsiyyətlərə baxın, onları ətrafınızda-“yel əsib, qoz tökülüb” ümidilə  toplaşanlarla müqayisə edin. Necə deyərlər: “ Kor kor,gör gör!”

Nəhayət, vaxtınız olsa bir dəfə deputat Razi Nurullayevdən nümunə götürüb güzgü qarşısıda çıxış edin.
 Görün güzgüdən sizə baxan,  üz-gözündən insanlığa qəzəb, nifrət  tökülən, kobud, yekəxana adamın qüsurlu diksiya ilə söylədikləri ürəyinizə yatacaqmı?

Sizdən çox da fərqlənməyən   digər müxalifətçilərə baxın və düşünməyə çalışın: hər şey sizin qorxduğunuz kimi olsa və növbəti prezident seçkilərində hakim komandanın namizədi olaraq Mehriban xanım iştirak etsə qarşınızda  böyük idarəçilik təcrübəsi keçmiş, müasir siyasi texnologiyalardan ustalıqla yararlanan, bütün sahələrdə cəsarətli islahatlar aparmaq (Prezident İ.Əliyev bu islahatlar üçün hazırlıq işlərini görüb və zəruri bazanı yaratmaqda davam edir) qabiliyyətinə  malik olan bir xanım dövlət xadimi olacaq.

Və heç şübhəniz olmasın ki, Azərbaycanın seçilmiş ilk xanım prezidenti kimi,  Ali Baş Komandan kimi  sizin dediyiniz “cəsarətli, mətin ər və  kişi”lərdən heç nədə geri qalmayacaq, müdrikliyi, qoxmazlığı və qətiyyəti ilə həm erməni düşmənlərimizi, həm də onlara əlaltılıq edən ölkə daxilindəki bədxahlarımızı daim qorxu altında saxlayacaqdır.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.