“Bakı marafonu-2024” start götürdü - FOTO

“Bakı marafonu-2024” start götürdü - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”ə start verilib.

Korrespondent.az bildirir ki, 7-ci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır.

Marafonda 200-dən çox fəxri qonaq, 6 mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var.

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edir.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.